Bütün xəbərlər
23.11.2026

“S&P Global Ratings” reytinq agentliyi ABİF-in reytinq proqnozunu yüksəldib

“S&P Global Ratings” reytinq agentliyi ABİF-in reytinq proqnozunu yüksəldib

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABİF) uzun və qısamüddətli emitent kredit reytinqini “BB/B” səviyyəsində təsdiqləyib, reytinq üzrə proqnozu isə “stabil”dən “müsbət”ə yüksəldib.

Agentliyin məlumatında  bildirilir ki, proqnozun yüksəldilməsi İqtisadiyyat Nazirliyinin tabeliyində olan Sahibkarlığın İnkişafı Fondu (SİF) və Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) birləşdirilməsi nəticəsində yaradılmış ABİF-in institusional imkanlarının genişləndiyini və dövlət siyasətinin həyata keçirilməsində rolunun gücləndiyini əks etdirir. Reytinq qərarının verilməsində Fondun iqtisadi siyasət aləti kimi mühüm rolunu davam etdirəcəyi, qarşıdakı illərdə borc yükünü minimal səviyyədə saxlayacağı və ölkədəki müsbət iqtisadi mühitin Fondun fəaliyyətinə dəstək verəcəyi gözləntiləri nəzərə alınıb.

“S&P Global Ratings” həmçinin qeyd edib ki, Fondun idarəedici strukturu formalaşdırılıb, əməliyyat prosedurları vahid çərçivəyə salınıb, risklərin idarə edilməsi mexanizmləri yenidən nəzərdən keçirilib. İki qurumun birləşdirilməsi prosesində ciddi əməliyyat riskləri müəyyən edilməyib. Bundan əlavə, 2026-cı ilin fevral ayında kreditləşmə üzrə yeni limitlər təsdiqləndikdən sonra Fond maliyyə təşkilatlarına kreditlərin verilməsini bərpa edib və sahibkarlar üçün yeni məhsullar təqdim edib. Agentlik vurğulayıb ki, hazırda ABİF Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində sahibkarlığın maliyyələşdirilməsi üzrə vahid institutdur.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Fərmanı ilə Sahibkarlığın İnkişafı Fondu və Azərbaycan İnvestisiya Şirkətinin birləşməsi yolu ilə yaradılan ABİF həmin qurumların hüquqi varisidir. Fond güzəştli kreditlər, dövlət zəmanəti və faiz subsidiyaları, eləcə də investisiya qoyuluşları vasitəsilə sahibkarlığın malyyələşdirilməsini həyata keçirən dövlət institutudur. SİF və AİŞ-in fəaliyyəti dövründə, eləcə də onların bazasında yaradılmış ABİF tərəfindən indiyədək 63 mindən artıq layihəyə 4 milyard manatdan çox güzəştli kredit ayrılıb, investisiya aləti çərçivəsində isə müəssisələrə 340 milyon manatdan artıq vəsait yatırılıb.

Digər xəbərlər

Chat background image
Chat banner image
Safaroff Lab Bear icon məhsuludur
Salam! 👋
Sizə necə kömək edə bilərəm?